Prezident İlham Əliyev Xüsusi dövlət mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilib.
Ləğv edilmiş Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin əsasında aşağıdakı dövlət orqanları yaradılıb:
1. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti;
2. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti;
3. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi.
Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi müvafiq olaraq əsasnamələrinin, strukturlarının və ali zabit heyəti vəzifələrinin siyahılarının layihələrini, habelə hərbi qulluqçuları və işçilərinin say həddi barədə təkliflərini 2 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidirlər.